top of page
Сортировка Медицина

CAPSA-NIM (Kapsa-Nim) duru gel 50 ml  

Yerli istifadə üçün ağrıkəsici və iltihab əleyhinə dərman vasitəsi

Capsa nim BOX 3D.png
brochure.png

Tərkibi

Təsiredici maddə:    1 tubda 0,5 q (1%-li) nimesulid, 0,0125 q (0,025%-li) kapsaisin vardır.

Köməkçi maddələr:  levomentol, dietilenqlikol monoetil efiri, butilhidroksitoluen (E321),

                                 hidroksipropilsellüloza, qliseril monooleat, metilparaben (E218), propilparaben

                                 (E216).

 

Təsviri

KAPSA-NİM duru gel sarı rəngli xarakter qoxulu geldir.

 

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə vasitələr.

ATC kodu: M02AA.

 

Farmakoloji xüsusiyyətləri

KAPSA-NİM duru gel tərkibində aktiv maddələr qismində nimesulid və kapsaisin olmaqla qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) qrupuna aiddir və yerli istifadə olunur (dəriyə çəkilir).

Farmakodinamikası

Nimesulid qeyri-steroid iltihabəleyhinə preparat olub SOQ-2-nin selektiv inhibitorudur. Xaricə istifadə zamanı yerli ağrıkəsici və iltihabəleyhinə təsir göstərir.

İltihab ocağında və onurğa beynində ağrı impulslarının ötürüldüyü qalxan yollarda kininlə stimulə olunan prostaqlandin E2-nin sələfi olan prostaqlandin H2-nin konsentrasiyasını azaldır. Prostaqlandin E2-nin (ağrı və iltihab mediatoru) konsentrasiyasının azalması EP tipli prostanoid reseptorlarının aktivliyinin azalmasına, nəticədə ağrıkəsici və iltihabəleyhinə effektin meydana çıxmasına səbəb olur.

Kapsaisin yayındırıcı, yerli qıcıqlandırıcı, ağrıkəsici, qızışdırıcı və iltihabəleyhinə təsir göstərir. Kapsaisin acı bibər ekstraktından alınır, dərinin həssas reseptorlarına qüvvətli qıcıqlandırıcı təsir göstərir. Təsir mexanizmi: zədələnmiş orqandan gələn oyandırıcı qıcıqların MSS səviyyəsində dərmanın yeridildiyi nahiyədən gələn qıcıqlandırıcı impulslarla üstələnməsi, MSS-də endorfin və enkefalinlərin sintezi və azad olmasının stimulə olunması ilə əlaqədardır. Bu yolla ağrı sindromu aradan qalxır və ya əhəmiyyətli dərəcədə zəifləyir. Gel şəklində kapsaisin, həmçinin, iltihabəleyhinə təsir göstərir və iltihab nahiyəsində iltihabi prosesin sorulmasını da sürətləndirir.  Reflektor olaraq xırda damarları genişləndirir, zədələnmə ocağının qan təchizatını yaxşılaşdırır, limfa və kapillyar drenajını qüvvətləndirir, nəticədə iltihab məhsullarının xaric olunması baş verir. Geli dəri səthinə çəkdikdən 10-15 dəq. sonra hiperemiya və istilik hissi müşahidə olunur.

KAPSA-NİM duru gel yerli istifadə zamanı ağrı nahiyəsində, həmçinin, oynaqlarda sakitlik və hərəkət zamanı ağrının və şişkinliyin azalması və ya aradan qalxmasına, səhər hərəkət məhdudluğunun azalmasına səbəb olur. Hərəkət həcmini artırır.

Farmakokinetikası

Yerli istifadə zamanı nimesulidin sistem qan dövranında konsentrasiyası çox aşağıdır. Birdəfəlik dəriyə çəkildikdən sonra Cmax ilk sutkanın sonunda müşahidə olunur və peroral dərman formalarının qəbulunda olan eyni göstəriciyə nisbətən 300 dəfə daha aşağı olur. Nimesulidin əsas metaboliti olan 4-hidroksinimesulidin izləri qanda aşkarlanmır. Kapsaisin rezorbtiv təsirə malik deyil.

 

İstifadəsinə göstərişlər

KAPSA-NİM duru gel aşağıdakı hallarda təyin olunur:

Aşağı bel ağrısı (lümbaqo), əzələ ağrıları, osteoartrit, periartrit, tendinit, tenosinovit, bursit, oynaqların və yumşaq toxumaların degenerativ, travmatik və revmatik xəstəlikləri, idman zədələri və bağların dartılması

 

Əks göstərişlər

KAPSA-NİM duru gelin tərkibində olan hər hansı aktiv və ya köməkçi maddəyə qarşı hiperhəssaslıq olarsa;

Tərkibində asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihabəleyhinə maddə olan preparatlar qəbul edilərsə;

Tərkibində asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihabəleyhinə maddə olan preparatlara qarşı astma, rinit, angioödem, nazal poliplər və ya övrə kimi yüksək həssaslıq reaksiyası olan pasiyentlərdə əks göstərişdir.

Dəridə hər hansı zədələnmə, açıq yara səthi, ekzema və ya prurigo əlamətləri olarsa KAPSA-NİM duru gel təyin olunmur.

Hamiləliyin ilk və son trimestrində olan qadınlarda KAPSA-NİM duru gel təyin olunmur.

KAPSA-NİM duru gel uşaqlarda istifadə olunmur.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda KAPSA-NİM duru gel ehtiyatla istifadə olunmalıdır:

KAPSA-NİM duru geli gözlər, selikli qişalara (ağız və burnun selikli qişaları), infeksiyalaşmış dəri səthinə, qoltuqaltı çuxurlara və dəridə açıq yara səthinə sürtmək olmaz. Əgər təsadüfən bu nahiyələrə toxunarsa böyük miqdarda su ilə yuyulması lazımdır.  

KAPSA-NİM duru gel çəkilən dəri səthində qıcıqlanma, səpgi və qaşınma meydana çıxarsa preparatın istifadəsini dayandırıb müalicə həkiminə müraciət etmək lazımdır.

KAPSA-NİM duru gel geyimlə təmasda olarsa onun rəngini dəyişə bilər (yuyulduğu zaman geyimin rəngi bərpa olunur). 

KAPSA-NİM duru gel çəkilmiş nahiyəyə hər hansı sarğı, örtük və ya termofor qoymaq lazım deyil. KAPSA-NİM duru gel çəkilmiş nahiyəni möhkəm sürtmək olmaz.

KAPSA-NİM duru geli dəriyə çəkilən digər vasitələrlə yanaşı istifadə etmək olmaz.

KAPSA-NİM duru gel istifadə qaydasına görə heç bir qida və ya içki ilə qarşılıqlı təsirə malik deyil.

Əgər siz KAPSA-NİM duru gelin bir dozasını unutmusunuzsa unudulmuş dozanın yerinə növbəti dozanı ikiqat etmək ehtiyacı yoxdur!

Qutunun üzərində hər hansı zədələnmə və ya defekt əlaməti varsa geli istifadə etməyin!

Qaraciyər/ böyrək çatışmazlığı olan şəxslərdə istifadəsi

Ciddi qaraciyər və ya böyrək çatışmazlığı olan pasiyentlərdə KAPSA-NİM duru gel ehtiyatla və həkim nəzarəti altında istifadə olunmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

KAPSA-NİM duru geli digər yerli vasitələrlə yanaşı istifadə etmək olmaz. Əgər yerli olaraq hər hansı digər preparatdan istifadə edirsinizsə və ya öncədən istifadə etmisinizsə, müalicə həkiminizə məlumat verin!

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi

KAPSA-NİM duru gelin istifadəsindən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Hamiləliyin ilk və son trimestrində KAPSA-NİM duru gel istifadə etmək olmaz. Yalnız müalicə həkimi hamiləliyin digər dövrlərində KAPSA-NİM duru gelin istifadəsinə dair qərar verə bilər.

Əgər Siz müalicə kursu müddətində hamilə olduğunuzu aşkar etmisinizsə dərhal müalicə həkiminizə bildirin!

Südvermə dövründə istifadəsi

KAPSA-NİM duru gel istifadəsindən öncə müalicə həkiminizə bildirin!

KAPSA-NİM duru gelin tərkibindəki nimesulid və kapsaisinin ana südünə keçməsi haqda kifayət qədər məlumatın olmamasına görə südvermə dövründə istifadəsi tövsiyə olunmur.

Südvermə dövründə KAPSA-NİM duru gel istifadə etməmişdən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Südverməzdən öncə KAPSA-NİM duru geli süd vəzi nahiyəsinə çəkmək olmaz. 

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

KAPSA-NİM duru gelin nəqliyyat vasitələri və mexanizmlərdən istifadə etmək qabiliyyətinə təsiri aşkarlanmayıb.

 

İstifadə qaydası və dozası

Həkim tərəfindən fərqli şəkildə təlimat verilməyibsə KAPSA-NİM duru gel aşağıdakı kimi istifadə olunmalıdır:

Ağrıyan nahiyəyə gün ərzində 3-4 dəfə çəkilməlidir. Müalicə müddəti həkim tərəfindən təyin olunur.

KAPSA-NİM duru gel yalnız yerli olaraq dəriyə istifadə üçün nəzərdə tutulub.

Ehtiyatla KAPSA-NİM duru geli ağrı nahiyəsinə çəkin. KAPSA-NİM duru gel çəkilmiş nahiyəyə hər hansı sarğı və ya örtük qoymayın. KAPSA-NİM duru geli çəkdikdə möhkəm sürtmək lazım deyil.

KAPSA-NİM duru geli qoltuqaltı nahiyəyə çəkmək olmaz.

Pediatriyada istifadəsi

12 yaşadək uşaqlarda istifadə olunmur.

Yaşlılarda istifadəsi

Yaşlı şəxslərdə istifadəsinə dair heç bir xüsusi tövsiyə yoxdur.

 

Əlavə təsirləri

Tərkibindəki hər hansı maddəyə qarşı yerli hiperhəssaslıq halları ola bilər.

Aşağıdakı əlamətlərdən hər hansı birini müşahidə etmisinizsə müalicə həkiminizə müraciət edin.

Çəkildiyi nahiyədə;

  • Hiperesteziya və ya hipoesteziya (dəriyə toxunduqda və ya ağrı siqnalına qarşı həssaslığın artması və ya azalması)

  • Paresteziya (ayaq və əllərdə yanğı, iynəbatması kimi hissiyyatın yaranması)

  • Dəridə xırda bərk qabarcıqlar (papula) və ya kiçik qovuqcuqlar (vezikulalar)

  • Ekzema (dermatit), dərinin yüngül və ya mülayim qıcıqlanması, ödem, şişkinlik, sianoz

  • İltihab, allergik reaksiyalar (övrə), qızartı (eritema), ağrı, yanğı hissi

  • Səpgi, qabıqlanma, quruluq

KAPSA-NİM duru gelin tərkibindəki metilparaben, propilparaben və butilhidroksitoluol ümumi (ləng) və yerli (dəridə, göz və selikli qişalarda) allergik reaksiyalar törədə bilər.

Əgər siz aşağıdakı əlamətlərdən hər hansı birini müşahidə etmisinizsə, dərhal müalicə həkiminizə məlumat verin. Bu əlamətlər təcili tibbi yardım göstərilməsini tələb edir.

  • Huşun itirilməsi, məkan və zamanda oriyentasiyanın itirilməsi

  • Tənəffüsün çətinləşməsi (təngnəfəslik) və astmanın kəskinləşməsi

  • Öskürək, boğazın qıcıqlanması

  • Arterial təzyiqin yüksəlməsi (hipertoniya), qulaqda küy

  • Görmənin tutqunlaşması və ya ikigörmə, gözlərin qıcıqlanması

  • Eyforiya, qıcıqlanma, narahatlıq, yuxululuq

  • Əllərdə, ayaqlarda ağrılar, əzələ spazmları

  • Dad hissinin pozulması, ürəkbulanma,

  • Kəskin dəri səpgiləri, üz, dodaqlar, dil və boğazda ödem, tənəffüsün çətinləşməsi

Göstərilən əlavə təsirlər KAPSA-NİM duru gelə ciddi hiperhəssaslıq reaksiyasının əlamətləridir. Bu təcili tibbi yardımın göstərilməsinə ciddi ehtiyac yaradır. Bütün bu əlamətlər çox nadir hallarda müşahidə oluna bilər.

 

Doza həddinin aşılması

Əgər Siz daha artıq dozada KAPSA-NİM duru gel istifadə etmisinizsə, həkiminizlə məsləhətləşin!

 

Buraxılış forması

30 q və ya 50 q gel üzərində fırlanan dairəvi başlıq (diyircək) olan polietilen tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30ºС  temperaturdan  yüksək  olmayan, işıqdan  qorumaqla  və uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Exeltis İlaç San. ve Tic. A.Ş.

Çerkezköy Organize Sanayi Bölgesi, Gaziosmanpaşa Mah. Fatih Bulvarı No:19/2 

Çerkezköy / Tekirdağ / Türkiyə.

 

Qeydiyyat vəsiqəsinin sahibi

Dərman MMC, Azerbaijan.

Nizami r-u, Mehdi Abbasov k-si, Ev 2, AZ1096, Bakı / Azərbaycan.

tempsu.png
  • Instagram
  • Facebook
  • LinkedIn
  • TikTok

Əlaqə vasitələri

+(994)12 564 43 45

"Çinar Park" Business Center

B.e-Cümə 09:00-18:00

Sürətli keçid

Sizinlə ən qısa zamanda əlaqə saxlanılacaq!

bottom of page